Zakir Nuriyev: Bankacılık sektörünün gelişimine yönelik yeni stratejik hedefler belirlendi - RÖPORTAJ
“APA-Economics” Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevlə ABA-nın yeni strateji planı və sektorda baş verən yeniliklərlə bağlı apardığı müsahibəni təqdim edir: - Zakir müəllim, fevralın 20-də ABA-nın illik Ümumi Yığıncağı keçirildi. Görülən işlər müzarikə edildi, eləcə də

“APA-Economics” Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevlə ABA-nın yeni strateji planı və sektorda baş verən yeniliklərlə bağlı apardığı müsahibəni təqdim edir: - Zakir müəllim, fevralın 20-də ABA-nın illik Ümumi Yığıncağı keçirildi. Görülən işlər müzarikə edildi, eləcə də ABA-nın və onun törəmə qurumlarının 2026-cı il üzrə fəaliyyət planları, ABA-nın 2026-2030-cü illər üzrə strateji hədəfləri təsdiqləndi. Ümumilikdə, bank sektorunun son durumunu necə qiymətləndirirsiniz? - 2025-ci il Azərbaycanın bank sektorunda artım dinamikası ilə müşayiət olunan dövrlərdən biri olub. İl ərzində sektorun aktivləri genişlənib və kreditləşmədə müsbət dinamika qorunub. Sektorun dayanıqlılıq baxımından mövqeyi də əhəmiyyətli güclənib. İlin sonuna bank sektorunun aktivləri 7.7 faiz artaraq 57.1 mlrd. manata çatıb. Kredit portfeli 9.4 faiz artaraq 30.1 mlrd. manatı ötüb. Depozit portfeli 38.2 mlrd. manat təşkil edib, məcmu kapital isə 10% artaraq 6.8 mlrd. manata yüksəlib. İl ərzində kreditlərin depozit portfelinə nisbəti artaraq 72,9 %-dən 78,7 %-ə yüksəlib. Sadalanan rəqəmlər sektorun kreditləşmə fəallığını və real iqtisadiyyata maliyyə dəstəyinin artdığını göstərir. Kredit portfelinin strukturunda biznes kreditləri üstün mövqeyini qoruyur və ümumi portfelin yarıdan çoxunu təşkil edir. Biznes seqmentində ticarət, sənaye və xidmət sahələri əsas paya malik olaraq iqtisadi aktivliyin maliyyələşdirilməsində aparıcı rol oynayıb. Qeyri-işlək kreditlərin payı 2.5 faiz səviyyəsində formalaşıb ki, bu da sektorun risklərin idarə olunması sistemlərinin effektivliyinin bariz göstəricisidir. Şübhəsiz ki, bu məqamda tənzimləyici tərəfindən tətbiq olunan prudensial nəzarət mexanizmlərinin səmərəliliyi də qeyd olunmalıdır. Əhalinin əmanət portfelində müsbət dinamika davam edib. 2025-ci il ərzində əhalinin banklarda olan əmanətləri 14.2% artaraq 16.3 mlrd. manatı üstələyib. Bu dinamika bank sektoruna inamın mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Dünya Bankı tərəfindən 2025-ci il üzrə “Business Ready” (B-READY) hesabatında Azərbaycan “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb. Bu, nailiyyət sektorun səmərəliliyinin mühüm göstəricisidir. "Fitch Ratings", "Moody`s" və "S&P Global Ratings" kimi nüfuzlu qurumlar da 2025-ci il üzrə dəyərləndirmələrində bank sektorunun dayanıqlılığını, mənfəətliliyini, sektorun tənzimləmə və nəzarət çərçivəsinin müasirləşdirilməsini xüsusi vurğulayırlar. Reytinqlərdə izlənilən müsbət trend xarici investorlar, beynəlxalq maliyyə institutları və digər tərəfdaşlar üçün ölkənin bank sisteminin cəlbediciliyini artıran bir göstərici kimi çıxış edir. - Bank sektorunda biznes kreditləri, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə mövcud statistik göstəricilər nələri deməyə əsas verir və təminatlı-təminatsız kredit alətlərinin struktur paylanması sektorun prioritetlərini necə əks etdirir? - Bank sektorunda biznes kreditlərinin strukturuna dair son üç ilin göstəriciləri kredit portfelində daha çevik və inklüziv modelə doğru mərhələli keçidin baş verdiyini göstərir. Ümumi biznes kreditləri üzrə 2023-cü ilin sonunda təminatlı kreditlərin payı 45,9%, qismən təminatlı kreditlərin payı 33,8%, təminatsız kreditlərin payı isə 20,3% təşkil edib. 2024-cü ildə struktur əsasən sabit qalsa da (46,2% təminatlı, 33,2% qismən təminatlı, 20,6% təminatsız), 2025-ci ilin sonuna doğru dəyişiklik daha qabarıq olub: təminatlı kreditlərin payı 43,2%-ə enib, qismən təminatlı kreditlər 31,9%, təminatsız kreditlər isə 24,9% təşkil edib. Xüsusilə təminatsız kreditlərin iki il ərzində 20,3%-dən 24,9%-ə yüksəlməsi bankların daha geniş sahibkar qruplarına çıxışı təmin etdiyini göstərir. Mikro sahibkarlıq seqmentində dinamika daha nəzərəçarpandır. 2023-cü ildə mikro kreditlərin 41,3%-i təminatsız olduğu halda, 2024-cü ildə bu göstərici 44,3%-ə, 2025-ci ildə isə 54,8%-ə çatıb. Eyni dövrdə təminatlı kreditlərin payı 40,5%-dən 27,7%-ə qədər azalıb. Bu, mikro sahibkarların maliyyə resurslarına çıxış imkanlarının əhəmiyyətli dərəcədə genişləndirildiyini və maliyyə inklüzivliyinin dərinləşdiyini göstərir. Kiçik sahibkarlıq üzrə qismən təminatlı kreditlərin payı 2023-cü ildə 25,7%, 2024-cü ildə 25,6%, 2025-ci ildə isə 30,3%-ə yüksəlmişdir. Təminatsız kreditlərin payı isə 19,9%-dən 22,8%-ə qədər artmışdır. Bu göstəricilər kiçik biznes seqmentində alternativ təminat mexanizmlərinin və daha elastik kredit alətlərinin tətbiqinin genişləndiyini nümayiş etdirir. Sadalanan göstəricilər onu deməyə əsas verir ki, bank sektoru qismən təminatlı və təminatsız kredit alətlərinin payını artırmaqla mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsini daha əlçatan edir və kredit strukturunda daha balanslı risk bölgüsü modelinə keçidi təmin edir. Bu yanaşma real sektorun geniş təbəqələrinin maliyyələşdirilməsi baxımından müsbət irəliləyiş kimi qiymətləndirilə bilər. Mərkəzi Bankın bu istiqamətdəki dəstəkləyici prudensial və monetar siyasəti, həm dövlət proqramlarında biznes maliyyələşməsinin təkmilləşdirilməsi yönündəki vacib tədbirlər bu uğurlu irəliləyişin açarlarıdır. Bu tədbirlərin nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən tərtib edilən “Business Ready” hesabatının “maliyyə xidmətləri” komponenti üzrə qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb. Bunun MKOB maliyyələşdirilməsində daha uğurlu nəticələrin əldə edilməsinə şərait yaratdığını düşünürük. - Zakir müəllim, son günlər əhalinin və biznesin kassasında olan “yastıq altı pullar” məsələsi müzakirələrə səbəb oldu. Sizcə, bank sektoru, ümumilikdə maliyyə bazarları hansı alternativ və cəlbedici maliyyə alətləri təklif edə bilər? - Maraqlı məsələyə toxundunuz. İstər bank hesablarında, depozitlərdə, istərsə də kapital bazarı alətlərində maliyyə bazarlarına yönəldilən vəsaitlər vətəndaşlara əlavə gəlir əldə etmək imkanı yaradır. Bu gün banklar müştərilərə müxtəlif cəlbedici alternativlər təklif edir. Məsələn, bir çox banklar hətta cari kart hesablarının qalığına faiz gəliri təqdim edir. Eyni zamanda, müddətli depozitlər vasitəsilə vəsaitləri daha yüksək faizlə yerləşdirmək mümkündür. Ölkəmizdə 100 min manata qədər olan depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bu isə vətəndaşların vəsaitlərinin qorunmasına əlavə təminat verir və riskləri minimuma endirir. Ümumilikdə, bank sektoru yüksək sabitlik nümayiş etdirir ki, bu da vətəndaşların maliyyə sisteminə olan etimadını gücləndirir. Bundan əlavə, bu gün bir sıra banklar investisiya xidmətləri göstərmək üçün müvafiq lisenziyalara malikdir. Vətəndaşlar banklarda investisiya hesabları açaraq qiymətli kağızların alqı-satqısında iştirak edə bilərlər. Kapital bazarında artıq müxtəlif gəlir gətirən alətlər – istiqrazlar, digər borc və investisiya məhsulları mövcuddur və bunlar həm sabit gəlir, həm də uzunmüddətli maliyyə artımı baxımından maraqlı imkanlar yaradır. Ötən ilin avqust ayından etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqinə başlanılıb. Bu çərçivədə real sektorun maliyyə əlçatanlığının genişləndirilməsinə töhfə verəcək yeni alət olan hedc alətinin tətbiqinə başlanılıb. Proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra Mərkəzi Bank tərəfindən təqdim olunan bu alət ilə hedc olunur. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldilir. - Zakir müəllim, COP29 çərçivəsində bank sektorunun qarşıdakı 5 ildə 2 mlrd. manatlıq yaşıl kredit öhdəliyi açıqlandı. Bu il yaşıl kreditləşmə üzrə bank sektorunun hədəfi nə qədərdir və bu vəsait əsasən hansı istiqamətlərə yönələcək? - COP29 çərçivəsində elan etdiyimiz bu öhdəlik Azərbaycan bank sektorunun dayanıqlı gələcəyə sadiqliyinin bariz nümunəsidir. 2 mlrd. manatlıq yaşıl maliyyələşdirmə həm ekoloji tarazlığın qorunmasına, həm də iqtisadiyyatın yeni dövrün tələblərinə uyğun transformasiyasına xidmət edəcək. Maliyyələşmə strukturunda əsas diqqət bərpa olunan enerji layihələrinə, xüsusilə günəş və külək enerjisi sahələrinə, eləcə də sənaye və kommersiya sektorunda enerji səmərəliliyinin artırılmasına yönəldilir. Bununla yanaşı, enerji effektiv yaşayış və tikinti layihələri, aqrar sektorda iqlimə davamlı innovativ texnologiyaların tətbiqi, həmçinin elektrik nəqliyyatı və aşağı karbonlu logistika həlləri prioritet istiqamətlərimiz sırasındadır. Banklarımız həm iri sənaye müəssisələrinin, həm də kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz texnologiyalara keçidini fəal şəkildə maliyyələşdirir. Bu çərçivədə günəş panellərinin quraşdırılması, enerji itkilərini minimuma endirən müasir avadanlıqların alınması və "ağıllı" kənd təsərrüfatı texnologiyalarının tətbiqi xüsusi dəstəklənən sahələrdir. Korporativ sektora paralel olaraq fərdi müştərilər üçün də cəlbedici yaşıl maliyyə məhsullarının təqdim edilməsi prosesi sürətləndirilib. Xüsusilə elektromobillərin əldə olunması, müvafiq infrastrukturun genişləndirilməsi və yaşayış binalarının enerji effektivliyinin artırılması məqsədilə güzəştli kredit alətləri aktiv şəkildə tətbiq edilir. Bu kompleks yanaşma bizim həm ekoloji öhdəliklərimizə sadiqliyimizi, həm də ölkə iqtisadiyyatının gələcək rəqabətqabiliyyətliliyinə olan inamımızı nümayiş etdirir. Bank sektoru olaraq bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, ekoloji, sosial və idarəetmə (ESİ) prinsiplərinin tətbiqi və yaşıl maliyyə alətlərinin inkişafı davam etdirməyi nəzərdə tuturuq. Strateji məqsədimiz yaşılı maliyyələşmə imkanlarını artırmaqla maliyyələşdirilən layihələrin real karbon emissiyalarının azaldılmasına və enerji qənaətinə töhfə verməsini təmin etməkdir. - Hazırda bank sektoru üzrə prioritetlər nədən ibarətdir? ABA-nın strateji baxışı necədir? - Bildiyiniz kimi, bu il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi və bu çıxışda rəqəmsal transformasiyanın ölkənin gələcək inkişafını şərtləndirən əsas prioritetlərdən biri olduğu xüsusi vurğulandı. Bu yanaşma maliyyə sektorunun, xüsusilə də bankların həm rəqəmsal xidmətlərin genişlənməsi, həm də data əsaslı qərarvermə və təhlükəsizlik standartlarının yüksəldilməsi baxımından prosesin mərkəzində olmasını qaçılmaz edir. Sürətli rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndiyi bir dövrdə istifadəçi davranışları da dəyişib. Belə bir dövrdə rəqəmsal ödənişlərin və məsafədən bank xidmətlərinin genişlənməsi maliyyə əlçatanlığını artırmaqla yanaşı, yeni risklər də formalaşdırır. Bu şəraitdə kart dələduzluğu ilə mübarizə istiqamətində institusional koordinasiya və texnoloji həllərin gücləndirilməsi prioritet məsələyə çevrilib. ABA tərəfindən Mərkəzi Bank, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində dələduzluqla bağlı vətəndaş müraciətlərinin operativ şəkildə banklara ötürülməsi təmin edilib, şübhəli əməliyyatların isə dərhal dayandırılması mexanizmi tətbiq olunub. Bu yanaşma sektor üzrə risklərin erkən mərhələdə qarşısının alınmasına və zərərin minimuma endirilməsinə imkan yaradır. Layihənin növbəti mərhələdə bütün ödəniş təşkilatlarını əhatə etməsi, eyni zamanda dələduzluq halları üzrə vahid “qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır. Bu isə sektor daxilində məlumat mübadiləsinin daha sistemli və effektiv təşkilinə xidmət edəcəkdir. Tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası və təhlükəsizlik tədbirləri nəticəsində bank hesablarının kənar şəxslər tərəfindən birbaşa ələ keçirilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, müşahidə olunur ki, fırıldaqçılar fəaliyyətlərini daha çox sosial mühəndislik üsulları üzərinə yönəldib. Mövcud çağırışları nəzərə alaraq, Assosiasiya tərəfindən 2026-cı il üzrə əhalinin maliyyə təhlükəsizliyi və rəqəmsal savadlılığının artırılmasına dair Yol Xəritəsi hazırlanaraq üzv banklara təqdim edilib. Bu sənəd preventiv tədbirlərin və ictimai məlumatlandırma mexanizmlərinin daha da gücləndirilməsini nəzərdə tutur. Növbəti çağırış qlobal və regional makroiqtisadi mühitdə formalaşan qeyri-müəyyənliklər, prudensial tələblərin beynəlxalq standartlara uyğunlaşdırılması və bazarda struktur dəyişiklikləridir. Belə ki, bu məqamlar bankların dayanıqlılıq və risk idarəetmə çərçivələrini daha da gücləndirməsini tələb edir. Məhz bu çağırışları nəzərə alaraq ABA tərəfindən 2026–2030-cu illəri əhatə edən yeni Strateji Hədəflər müəyyən edilib. Sənəd sektorun mövcud vəziyyətinin təhlili, üzv bankların rəyləri və risk–imkan balansı əsasında hazırlanıb və konkret institusional cavab mexanizmlərini özündə ehtiva edir. ABA-nın strateji baxışı bu çağırışlara sistemli və institusional cavab mexanizmlərinin qurulmasına yönəlib. Prioritet istiqamətlər sırasında Assosiasiyanın təmsilçilik və koordinasiya rolunun gücləndirilməsi, dövlət proqramları və sektor strategiyalarının hazırlanması və icrasında bankların daha fəal iştirakının təmin edilməsi, vahid və təhlükəsiz sektor platformalarının yaradılması, eləcə də analitika və məlumat ekosisteminin inkişafı yer alır. Bununla yanaşı, rəqəmsal transformasiya, yeni və alternativ maliyyə məhsullarının təşviqi, kiber təhlükəsizlik üzrə sektor tövsiyələrinin hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi də strateji gündəliyin əsas elementlərindəndir. Beləliklə, ABA-nın yanaşması çağırışlara reaktiv deyil, qabaqlayıcı və strukturlaşdırılmış şəkildə cavab vermək, bank sektorunun rəqabət qabiliyyətini, dayanıqlılığını və regional mövqeyini gücləndirməkdən ibarətdir. - Azərbaycanda açıq və rəqəmsal bankçılıq üzrə növbəti böyük addımlar nələr olacaq? - Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafı istiqamətində əsas prioritetlərdən biri açıq bankçılıq (open banking) yanaşmasının tətbiqidir. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən mərkəzləşdirilmiş platformanın yaradılması və tətbiqi üzrə aktiv işlər aparılır. Hazırda hesab üzrə məlumat xidmətinin təqdim edilməsinə əsaslanan açıq bankçılıq funksionallığı istifadəyə verilib və bir sıra banklar tərəfindən tətbiq olunmağa başlanıb. Növbəti mərhələdə isə ödəniş əməliyyatların başladılması üzrə vasitəçilik xidməti (payment initiation service) üzrə açıq bankçılıq xidmətlərinin tətbiqi nəzərdə tutulur və bu istiqamətdə müvafiq işlər davam etdirilir. Açıq bankçılıq texnologiyasının tətbiqi rəqəmsal ödəniş ekosistemində iştirakçılar arasında inteqrasiyanın daha da dərinləşməsinə və maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına geniş imkanlar yaradacaq. ABA olaraq hesab edirik ki, bank-maliyyə sistemində rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir. Rəqəmsal banklar üzrə müvafiq qanunvericilik bazasının yaradılması bank-müştəri münasibətlərinin tam şəkildə rəqəmsal mühitə keçidini sürətləndirəcək, innovativ həllərin tətbiqini təşviq edəcək və yeni inkişaf tendensiyalarına uyğun məhsul və xidmətlərin bazara çıxarılmasına imkan verəcək. Ümumiyyətlə, bu sahədə görülən işlər vətəndaşlara öz vəsaitlərini təhlükəsiz və gəlirli şəkildə maliyyə sisteminə yönəltmək üçün əlverişli şərait formalaşdırır. Bu isə həm fərdi rifahın artmasına, həm də ümumilikdə ölkədə maliyyə bazarlarının inkişafına mühüm töhfə verir. - Bir sıra banklar artıq kartdan-karta köçürmə əməliyyatlarının Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlayıb. Bu bankların xərclərinə və kibertəhlükəsizlik məsələlərinə necə təsir edir? - Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılması və ödəniş alətlərinə dair Qayda”ya edilmiş son dəyişikliklərə əsasən, fiziki şəxslər arasında ölkədaxili milli valyutada pul köçürmələri Mərkəzi Bankın operatoru olduğu AÖS vasitəsilə həyata keçirilməlidir. AÖS üzərindən ödəniş əməliyyatları 24/7 rejimində, saniyələr ərzində icra olunur və İBAN əsaslı ödəniş hesabları üzərindən emal edilir. Qaydaların tələbinə uyğun olaraq, kart ekosistemində uzun müddətdir tətbiq edilən və “card-to-card” kimi tanınan köçürmə əməliyyatları da artıq AÖS vasitəsilə emal edilməlidir. Hazırda banklar qanunvericiliyin tələblərindən irəli gələrək bu istiqamətdə uyğunlaşma prosesini davam etdirirlər. Müştəri baxımından ödəniş vərdişlərində fundamental dəyişiklik baş verməsə də, əməliyyatların daha sürətli, şəffaf və effektiv formada emal edilməsi təmin edilir. Eyni zamanda, mərkəzləşdirilmiş infrastruktur çərçivəsində risklərin idarə olunması və kibertəhlükəsizlik mexanizmlərinin vahid standartlar əsasında qurulması sistem sabitliyinin gücləndirilməsinə xidmət edir. - Bəzi ekspertlər qeyd edirlər ki, bankların tərtib etdikləri müqavilələr yalnız onların maraqlarına xidmət edir, müqavilə əhalinin başa düşməyəcəyi hüquqi dildə və kiçik şriftlərlə yazılır. Yəni, bu proses fonunda maliyyə sektorunda istehlakçıların hüquqlarının təmin edilməsi üçün mövcud qanunvericilik məhduddur və təkmil deyil. Bu sahədə hansısa addımlar atıla bilərmi? - Hazırda ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericilik bazası olduqca təkmildir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən də bu məsələyə xüsusi önəm verilməkdədir. Belə ki, hazırda bu istiqamətdə əlavə normativ aktların qəbulu nəzərdə tutulur. 2024-cü ildən etibarən Mərkəzi Bank daxilində ixtisaslaşmış bazar davranışlarına nəzarət və requlyasiya funksiyaları fəaliyyət göstərir və bu ildən etibarən müştəri hüquqlarının qorunmasına risk əsaslı nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, hər ay Mərkəzi Bank tərəfindən “Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi” yayımlanmaqdadır ki, bu indeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı nəzərə alınmaqla hesablanır. Mülki Məcəllədə “İstehlak krediti müqaviləsi üzrə ilkin məlumatlandırma” adlanan 746-1-ci maddə istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Həmin maddənin tələblərinə əsasən, İstehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən tərəfindən kreditin növü, məbləği, valyutası, kreditin qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi də daxil olmaqla kreditlə bağlı siyahısı dəqiq göstərilmiş məlumatlar istehlakçıya təqdim edilməlidir. Qeyd edilən maddədə göstərilən məlumatlar standart məlumatlandırma formasında əks etdirilir və bu forma Mərkəzi Bank tərəfindən təsdiq edilir. Banklar tərəfindən bu maddələrin tələblərinə riayət edilir və istehlak krediti müqaviləsi bağlanılmazdan əvvəl istehlakçılara qeyd edilən məlumatlandırma formaları təqdim edilir. Müqavilə mətnlərində məlumatların istehlakçıların diqqətinə aydın şəkildə çatdırılmasını təmin edən uyğun şrift ölçüləri istifadə edilir. - İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Bakı şəhərində keçiriləcək. Bu fonda bank sektorundan da islam maliyyəsinə yönəlik təşəbbüslər görür və bazara yeni məhsullar təklif edirlər. Bu maliyyə alətlərinə ilkin maraq necədir və bazar perspektivlərini necə görürsünüz? - Yeni islam maliyyəsi alətlərinə ilkin marağı qiymətləndirərkən iki əsas indikatoru nəzərə almaq lazımdır: bazara çıxarılan məhsulların qəbul dinamikası və hədəf auditoriyanın davranış reaksiyası. Mövcud təcrübə göstərir ki, təqdim edilmiş islam maliyyəsi məhsulları bazar tərəfindən ehtiyatlı, lakin müsbət qarşılanıb. Xüsusilə faizsiz maliyyə prinsiplərinə həssas yanaşan müştəri seqmentində əvvəlki dövrlərlə müqayisədə daha yüksək sorğu aktivliyi və məlumatlanma marağı müşahidə olunur. Bu, bazarda latent tələbin mövcudluğunu təsdiqləyir. Struktur baxımından, Azərbaycan maliyyə bazarında islam maliyyəsinin inkişafı üçün müəyyən fundamental amillər mövcuddur: şəriət qaydalarına uyğun olaraq maliyyə vəsaitlərinin cəlb edilməsinə maraqlı olan müştərilərin mövcud olması, maliyyə inklüzivliyinin genişləndirilməsi ehtiyacı və alternativ maliyyə mexanizmlərinə artan maraq. Ənənəvi bank məhsullarından müxtəlif səbəblərlə istifadə etməyən və ya istifadə etmək istəməyən seqment üçün şəriət qaydalarına uyğun maliyyə alətləri real alternativ formalaşdırır. Bu isə həm yeni müştəri bazasının cəlbi, həm də mövcud bazarın dərinləşdirilməsi baxımından əlavə potensial yaradır. İslam bankçılığı məhsullarının tətbiqinin perspektivini olduqca müsbət qiymətləndiririk. Azərbaycanda faizsiz maliyyə prinsiplərinə həssas yanaşan müəyyən bir müştəri seqmenti mövcuddur və bu, islam maliyyəsi alətləri üçün real bazar bazası formalaşdırır. İlkin mərhələdə məhsulların qəbul səviyyəsi bazarın bu istiqamətə açıq olduğunu göstərir. -2026-cı il üzrə bank sektorunda hansı yeniliklər gözlənilir və sektorun böyüməsi ilə bağlı gözləntiləriniz necədir? - 2026-cı ildə bank sektoru üçün əsas gözləntilərdən biri rəqabətin daha da güclənməsi olacaq. Xüsusilə kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır. Bu isə nəticə etibarilə müştərilər üçün daha əlverişli şərtlərin formalaşmasına, daha münasib kredit imkanlarının və daha cəlbedici depozit məhsullarının təqdim olunmasına gətirib çıxaracaq. Bu baxımdan, cari il həm fərdi müştərilər, həm də biznes subyektləri üçün bank xidmətlərindən daha effektiv faydalanmaq baxımından əlverişli dövr olacaq. Eyni zamanda, bank sektorunda rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin daha da sürətlənməsi gözlənilir. Artıq bu gün bankların əksəriyyətində rəqəmsallaşma səviyyəsi kifayət qədər yüksəkdir və müştərilər demək olar ki, bütün əsas bank əməliyyatlarını mobil tətbiqlər və veb platformalar vasitəsilə rahat şəkildə həyata keçirə bilirlər. 2026-cı ildə isə bu istiqamətdə yeni funksionallıqların, daha sürətli və istifadəçi yönümlü həllərin tətbiqi gözlənilir ki, bu da müştəri təcrübəsinin daha da yaxşılaşmasına xidmət edəcək. Bununla yanaşı, yeni tənzimləyici mexanizmlərin və prudensial yanaşmaların tətbiqi bank sektorunun uzunmüddətli sabit inkişafını təmin etməyə yönəlməklə ümumi risklərin effektiv idarə olunmasına imkan verəcək. Digər mühüm istiqamətlərdən biri isə investisiya xidmətlərinin genişlənməsi olacaq. Getdikcə daha çox bankın investisiya xidmətləri göstərmək üçün müvafiq imkanlar yaratması və kapital bazarında daha aktiv iştirak etməsi gözlənilir. Bu isə vətəndaşlara yalnız ənənəvi bank məhsulları deyil, eyni zamanda müxtəlif investisiya alətləri vasitəsilə də öz vəsaitlərini artırmaq imkanı verəcək. Ümumilikdə, 2026-cı ili bank sektoru üçün yeni məhsulların tətbiqi, rəqəmsallaşmanın daha da dərinləşməsi, sağlam rəqabətin güclənməsi və sektorun sabit, dayanıqlı inkişafının davam etdiyi bir il kimi xarakterizə etmək olar. Bu proseslər həm maliyyə sektorunun institusional gücünü artıracaq, həm də müştərilər üçün daha geniş və keyfiyyətli maliyyə xidmətlərinin formalaşmasına şərait yaradacaq. Foto: Rüfət Mustafayev